“Domestic Grassroots” proqramı çərçivəsində növbəti tədbir Qaradağ rayonunda keçirilib
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Domestic Grassroots” proqramı çərçivəsində növbəti regional idman tədbiri mayın 3-də “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim bazasında keçirilib.

IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gəncləri idmana cəlb etmək məqsədilə keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub.

Oyunların ulduz səfirləri Rəfael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov, eyni zamanda, Hacı Nuran tədbirdə çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətindən danışıblar.

Layihə rəhbəri Ülviyyə Əkbərova IV İslam Həmrəyliyi Oyunları və “Domestic Grassroots” proqramı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova IV İslam Həmrəyliyi Oyunlarını Azərbaycanın təbliği baxımından mühüm fürsət kimi dəyərləndirib.

Daha sonra beş məktəbin şagirdləri arasında idman müsabiqələri təşkil olunub. Fəxri kürsünün ən yüksək pilləsinə 166 nömrəli məktəbin şagirdləri qalxıblar. İkinci yeri 288, üçüncü yeri isə 233 nömrəli məktəblərin təmsilçiləri tutublar.

Qalib komandaların üzvləri müxtəlif hədiyyələr, diplom və kubokla təltif ediliblər.

Xəbər 559 dəfə oxundu.