Heydər Əliyev adına İdman Sarayı IV İslam Həmrəyliyi Oyunlarının iştirakçılarını qəbul etməyə hazırlaşır
Bakının Tbilisi prospektində yerləşən və paytaxtın memarlıq incilərindən biri sayılan Heydər Əliyev adına İdman Sarayı IV İslam Həmrəyliyi Oyunlarının iştirakçılarını qəbul etməyə hazırlaşır.

Media nümayəndələrinin IV İslam Həmrəyliyi Oyunlarının güləş və cüdo yarışlarına ev sahibliyi edəcəyi Heydər Əliyev adına İdman Sarayına tanışlıq turu təşkil olunub.

Heydər Əliyev adına İdman Sarayının əməliyyatları üzrə meneceri Səbinə Seleznova mətbuat təmsilçilərinə məlumat verib ki, inşasına 1977-ci ildə başlanan bu idman qurğusu 1990-cı ildə istifadəyə verilib. Heydər Əliyev adına İdman Sarayı 2015-ci ildə birinci Avropa Oyunları ilə bağlı əsaslı təmir olunub. Sarayın ümumi tamaşaçı tutumu 7830 nəfərlikdir. Arenanın müasir səviyyədə qurulmuş üç əsas böyük və üç əlavə məşq zalı var. Bütün zallar IV İslam Həmrəyliyi Oyunları zamanı idmançıların ixtiyarına veriləcək. İdman Sarayında "Baku-2017" zamanı yunan-Roma və sərbəst güləş, həmçinin cüdo və paracüdo üzrə yarışlarda qadınlar və kişilər qüvvələrini sınayacaqlar. Cüdo yarışları üçün iki tatami, güləş üçün üç xalça nəzərdə tutulub. Hazırda arenada işlәr yekunlaşmaq üzrədir.
Diqqətə çatdırılıb ki, "Bakı-2017"də gündüz sessiyaları üçün 3 min, axşam - final sessiyaları üçün 5 min tamaşaçı nəzərdә tutulub. Arenada yarışlar mayın 13-dən 21-dək davam edəcək. Mayın 13-15-də cüdo və paracüdo, 17-21-də isə güləş yarışları keçiriləcək. Arenada idmançıların məşqi mayın 11-dən başlanacaq.

IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışları üzrə meneceri Namiq Qurbanov qeyd edib ki, mayın 17-18-də yunan-Roma, 19-20-da sərbəst güləşçilәr mübarizə aparacaqlar. Sonuncu gün - mayın 21-də isə qadın güləşçilәr döşək üzərinə çıxacaqlar. Hər gün dörd çəki dərəcəsində yarışlar keçiriləcək. Güləş yarışlarına 31 ölkədən 237 idmançı qatılacaq.

“Azərbaycandan başqa Türkiyə, İran, Özbəkistan, Qazaxıstan, Misir, Tunis və digər İslam ölkələrinin idmançıları Oyunlarda mübarizə aparacaqlar. Ümumiyyətlə, ölkəmizə gələcək 237 idmançıdan 39-u qadın, 117-si sərbəst, 84-ü isə yunan-Roma güləşçisidir. Azərbaycan millisi güləşin hər üç növündə tam heyətlə çıxış edəcək. Yığmamızın heyətində hər çəki dərəcəsində bir nəfər idmançımız yarışlarda iştirak edəcək”, - deyə N.Qurbanov əlavə edib.

Güləş yığmamızın üzvü, Rio Olimpiadasının bürünc medalçısı və ikiqat dünya çempionu Hacı Əliyev bildirib ki, mayın 2-dən komandanın təlim-məşq toplanışları başlanılıb. Mayın 18-dən sərbəst güləşçilərin çəki mərasimi olacaq. Bir gün sonra millimizin üzvləri yarışlarda çıxış edəcəklər. Hazırlıqlar çox yaxşı aparılır. Əsas məqsədim Oyunların qızıl medalını qazanmaqdır. İran idmançılarının yığmamızın əsas rəqibi olduğunu hesab edirəm.

Millinin digər üzvü "Rio-2016" Olimpiya Oyunlarının bürünc mükafatçısı, birinci Avropa Oyunlarının qalibi, dünya çempionu Rəsul Çunayev deyib ki, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışın ölkəmizdə keçirilməsi məsuliyyətimizi daha da artırır. Çalışacağıq ki, birinci Avropa Oyunlarında qazandığımız nəticələri bu yarışda da təkrarlayaq. "Bakı-2017"də Asiya ölkələrindən - Qazaxıstan, Qırğızıstan və Özbəkistandan çox güclü idmançılar iştirak edəcək. Ancaq əsas rəqib olaraq İran komandasını görürəm. "Bakı-2017"yə gələcək İslam ölkələrnin idmançıları bu yarışlarda özlərini doğrultmağa çalışacaq. Biz isə Azərbaycan komandasının dünyada liderlər sırasında olduğunu nümayiş etdirmək və qələbələr qazanmaq istəyirik.

Xəbər 667 dəfə oxundu.