Xüsusi təyinatlı ali məktəblərin tələbələri stolüstü tennis turnirində qüvvələrini sınayıblar
Mayın 1-2-də Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi təyinatlı ali məktəblərin tələbə və müdavimləri arasında stolüstü tennis turniri keçirilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan turniri Gömrük Akademiyası təşkil edib.

Turnirdə Dövlət Gömrük Komitəsinin, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin akademiyaları, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Milli Aviasiya Akademiyası və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin komandaları iştirak ediblər. Yarışlarda Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Milli Aviasiya Akademiyası və Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandaları müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yeri tutublar.

Mayın 2-də yarışlara yekun vurulub və qaliblər mükafatlandırılıb.

Mükafatlandırma mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafındakı rolundan, Azərbaycan gəncliyinə göstərdiyi dəstək və qayğıdan bəhs edib. Vurğulanıb ki, bu gün ölkəmizdə Ulu Öndərin arzuladığı kimi, hərtərəfli biliyə malik, sağlam və əqidəli gənclik yetişir və bu gənclik dahi rəhbərin xatirəsini daim qəlbində yaşadacaq.

Sonda komandalara kubok və mükafatlar təqdim edilib. Turnir iştirakçıları təşkilati dəstəyə görə Dövlət Gömrük Komitəsi Akademiyasının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, belə turnirlərin keçirilməsi ali məktəblər və tələbə gənclər arasında qarşılıqlı faydalı təcrübə mübadiləsi, eləcə də dostluq əlaqələrinin genişlənməsi baxımından mühüm rol oynayır.

Xəbər 1368 dəfə oxundu.