Mişel Obama Londonda ABŞ-ın nümayəndə heyətinə başçılıq edəcək
ABŞ prezidentinin xanımı Mişel Obama, Londonda keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimində Amerika nümayəndə heyətinə başçılıq edəcək. İdman.com.az saytının məlumatına görə, bununla da Barak Obamanın həyat yoldaşı 12 il bundan əvvəl başlanan ənənəni davam etdirəcək. Xarici KİV-lər xəbər verirlər ki, 1994-cü ildə Norveçin Lillehamer şəhərində təşkil olunmuş Qış olimpiadasında Amerika nümayəndə heyətinə Hillari Klinton başçılıq edirdi. 2006-cı ildə isə Lora Buş İtaliyanın Turin şəhərinə gəlmişdi.

Londonda oyunlar iyulun 27-dən avqustun 12-dək keçiriləcək.
Britaniyanın “Qardian” qəzeti yazır ki, olimpiadada təhlükəsizliyin təmin edilməsinə İkinci Dünya Müharibəsi dövründən bəri ən çox hərbi və polis qüvvələri cəlb olunacaq. Kontingentin ümumi sayı 13 min nəfəri ötəcək. Həmkarlarımız xəbər verir ki, bu hərbi birləşmə Əfqanıstandakı Britaniya qoşunlarının sayından çox olacaq. Sitat:

“Olimpiya oyunları dövründə Temza çayı sahilində təyyarədaşıyan gəmi yan alacaq. Şəhərin səmasını yer-hava tipli raketlər müdafiə edəcək. Olimpiadanın rəsmi açılış və bağlanış mərasimləri zamanı işıq selinə bürünmüş stadionlar üzərində pilotsuz təyyarələr uçacaq. Xoşbəxtlikdən, həmin təyyarələrdə raket mərmiləri olmayacaq”.
Olimpiya oyunları keçiriləcək ərazinin dövrəsinə 5 min volt gərginlikli 17 kilometr uzunluğunda elektrik hasarı çəkiləcək. Bu divarın ucaldılması Britaniya hökumətinə 80 milyon funt sterlinqə başa gəlib.

Xəbər 1218 dəfə oxundu.