Azərbaycanda voleybolun inkişafı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilib
Azərbaycan Voleybol Federasiyasının (AVF) birinci vitse-prezidenti Faiq Qarayev Romada Beynəlxalq Voleybol Federasiyasının (FIVB) prezidenti Qraça Filho və Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç ilə görüşüb.

Görüşdə Azərbaycanda voleybolun inkişafı istiqamətində görülən işlər və planlar müzakirə olunub.

CEV prezidenti Azərbaycanda voleybolun çox sevildiyini vurğulayıb və AVF-in gördüyü işlərdən danışıb. O, FIVB prezidentinə qadınlar arasında Avropa çempionatının püşkatma mərasimi ilə əlaqədar ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü haqda məlumat verərək deyib: “Azərbaycanda voleybola olan sevgi dövlət başçısının idmanın bu növünə diqqət və qayğısı ilə əlaqədardır. Azərbaycan Prezidenti idmana və idmançılara böyük diqqət ayırır. Mən özüm də bu diqqətin şahidi oldum. AVF prezidenti Cavid Qurbanov, vitse-prezident Faiq Qarayev Azərbaycanda voleybolun, çimərlik voleybolunun inkişafı üçün böyük işlər görürlər. Azərbaycan hər zaman böyük yarışlara ev sahibliyi etməyə çalışır. Bir neçə gündən sonra IV İslam Həmrəyliyi Oyunları, mayda dünya çempionatının təsnifat mərhələsi və sentyabrda Avropa çempionatının final mərhələsi Azərbaycanda keçiriləcək. Biz Azərbaycan voleybolunu Çempionlar Liqası, CEV və Çağırış kuboklarında daha fəal görmək istərdik”.

Azərbaycanda voleybolun inkişafı prosesini yaxından izlədiklərini qeyd edən FIVB prezidenti Qraça Filho bildirib: “AVF-in gördüyü işlər bizi çox sevindirir. Statistlərin, məşqçilərin, orta məktəb müəllimlərinin seminarları keçirilir. Bu cür seminarlar voleybolu təbliğ etmək baxımından çox faydalıdır. Aşağı yaş qrupundan ibarət komandaların (qız və oğlan) yaradılması, tikilən idman zalları bizi qürurlandırır. Azərbaycanda voleybolun və çimərlik voleybolunun daha da inkişaf etməsi üçün əlimizdən gələn köməyi etməyə hazırıq”.

Azərbaycan voleybolunun inkişafı ilə bağlı xoş sözlərə görə təşəkkürünü ifadə edən Faiq Qarayev deyib: “Görülən işin qiymətləndirilməsi bizi daha böyük layihələr həyata keçirməyə həvəsləndirir. AVF hər zaman sizin dəstəyinizi hiss edir. Federasiya rəhbərliyi çalışır ki, voleybolumuz Avropa və dünya reytinqində ən yüksək pillələrdə olsun. Qarşıda bizi böyük yarışlar gözləyir. Bu yarışların yüksək səviyyədə keçirilməsi üçün böyük işlər aparırıq. Voleybolun və çimərlik voleybolunun ölkəmizdə təbliğ olunması üçün böyük layihələrimiz var və onların həyata keçirilməsinə başlamışıq”.

Xəbər 641 dəfə oxundu.