İsmayıllı atletləri ölkə çempionu olub
2003-2004-cü il təvəllüdlü idmançılar arasında yeniyetmələrin XI Respublika Oyunlarının proqramına daxil olan atletika üzrə final yarışlarında İsmayıllı komandası birinci yeri tutub.

İsmayıllı rayon Gənclər və İdman İdarəsindən bildirilib ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən final yarışlarında İsmayıllıdan hər biri 7 nəfərdən ibarət oğlan və qız komandaları iştirak edib. Atletlər komandası şəhər 3,5,7 nömrəli, Lahıc qəsəbə və Vəng tam orta məktəblərinin şagirdlərindən təşkil olunub. Komandaların final yarışlarına hazırlığı 7 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Rəvan Qarayev tərəfindən aparılıb.

Proqrama daxil olan 300 və 600 metr məsafələrə qaçış, estafet və qaçaraq uzununa tullanma üzrə ən yüksək balları İsmayıllı komandası toplayıb.

Ucqar dağ kəndi Vəngdən yarışda iştirak edən 2 atlet qıza Respublikanın yığma komandasına daxil olmaq təklif edilib.

Xəbər 1270 dəfə oxundu.