Topaz Premyer Liqasının 2016-2017-ci il mövsümü başa çatıb
Aprelin 29-da futbol üzrə Azərbaycan çempionatının 2016-2017-ci il mövsümünə yekun vurulub.

Topaz Premyer Liqasının mükafatçıları əvvəlki turlarda məlum olduğundan sonuncu – 28-ci tur yalnız avrokuboklara vəsiqə qazandıran dördüncü yer uğrunda mübarizə baxımından önəm daşıyıb. Bu yerə real namizəd olan “Zirə” komandası səfərdə “AZAL”a qalib gələrək, digər iddiaçı “Kəpəz” klubunun ümidlərinin üzərindən xətt çəkib.

“Zirə” komandası turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “AZAL”ın qapısından üç cavabsız top keçirib. Rəqib qapısından topları Elvin Məmmədov (34-cü dəqiqə), Milan Duriç (54) və Təmkin Xəlilzadə (83) keçiriblər.

“Kəpəz” komandası isə doğma meydanda “İnter”i 49-cu dəqiqədə Dario Federikonun qolu sayəsində 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Çempion “Qarabağ” komandası səfərdə “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib. Ağdamlıların heyətində 47-ci dəqiqədə Riçard Almeyda hesabı açıb. Oyunun 61-ci dəqiqəsində bakılıların heyətində Ruslan Abışov topu öz qapısına vuraraq hesabı Ağdam təmsilçisinin xeyrinə dəyişib – 0:2. Matçın 89-cu dəqiqəsində isə İqnasio Herrera Fernandes “Qarabağ”ın qapısına yol taparaq vurulan qollardan birinin əvəzini çıxıb.

Çempionatın sonuncu oyununda isə “Sumqayıt” komandası “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. Sumqayıtlıların heyətində Amil Yunanov (27) və Mirabdulla Abbasov (29) fərqləniblər. “Qəbələ”nin futbolçusu Asif Məmmədov isə 40-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb.

Beləliklə, Topaz Premyer Liqasının 2016-2017-ci il mövsümü “Qarabağ” komandasının çempionluğu ilə başa çatıb. Aktivində 62 xal olan “Qarabağ” çempionluğu əvvəlki turlarda artıq həll edib. Bu, Ağdam təmsilçisinin beşinci, o cümlədən ardıcıl dördüncü çempionluğudur.

“Qəbələ” komandası 52 xalla ikinci, “İnter” isə 43 xalla üçüncü olub. “Zirə” komandası (39 xal) çempionatı dördüncü, “Kəpəz” (36 xal) beşinci, “Sumqayıt” (35 xal) altıncı, “Neftçi” (29 xal) isə yeddinci pillədə başa vurub. Çempionatda 10 xal toplayan “AZAL” isə Topaz Premyer Liqası ilə vidalaşıb.

Mövsümün ən məhsuldar futbolçuları Rauf Əliyev (“İnter”) və Filip Ozobiç (“Qəbələ”) olub. Hər iki futbolçu rəqib qapılarına 11 dəfə yol tapıblar. Üçüncü sıradakı Dino Ndlovun (“Qarabağ”) aktivində isə 9 qol var.

Çempionatda ən çox qol (48) vuran komanda “Qəbələ”, öz qapısında ən az top (14) görən klub isə “Qarabağ”dır.

Xəbər 820 dəfə oxundu.