Türkiyə vətəndaşı “Bakı Marafonu-2017”nin qalibi olub
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu-2017”nin qalibi məlum olub.

Marafonda kişilər arasında birinci yerə 30 yaşlı Türkiyə vətəndaşı Veysi Aslan çıxıb.

Jurnalistlərə müsahibəsində Bakıda belə bir yarışda qalib gəlməyin qürurverici olduğunu bildirən Veysi Aslan marafonun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Qeyd edək ki, saat 10:00-da Dövlət Bayrağı Meydanından start verilən marafonun məsafəsi 21 kilometrdir. Sonuncu məntəqə isə Bakı Olimpiya Stadionudur.

Marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir. Respublikamızın bölgələri ilə yanaşı, ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, İran və digər ölkələrdən də iştirakçılar var. Yarışa ümumilikdə 13 mindən çox insan qatılıb.

Xəbər 689 dəfə oxundu.