“Bakı Marafonu-2017”: İştirakçılar Heydər Əliyev Mərkəzinə çatıblar
“Küləyə qalib gəl” şüarı altında təşkil olunan “Bakı Marafonu-2017”nin iştirakçıları Heydər Əliyev Mərkəzinə çatıblar.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən marafonun iştirakçıları buradan Bakı Olimpiya Stadionuna doğru hərəkət edirlər. İyirmi bir kilometrlik məsafəni əhatə edən marafon Bakı Olimpiya Stadionunda başa çatacaq.

Dövlət Bayrağı Meydanından start verilən marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edirlər.

Saat 10:00-da start götürən yarı marafonun məsafəsi 21 kilometrdir. Bakı Olimpiya Stadionunda başa çatacaq marafonun iştirakçıları atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələrdir. Respublikamızın bölgələri ilə yanaşı, ABŞ, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, İran və digər ölkələrdən də iştirakçılar var. Yarışa ümumilikdə 13 mindən çox insan qatılıb.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək vermək, insanlar arasında, xüsusilə gənclərdə idman vasitəsilə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Xəbər 647 dəfə oxundu.