“Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində yarışlar təşkil olunur
“Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində keçirilən respublika birinciliyinin Bakı şəhəri üzrə rayondaxili yarışları başa çatıb.

Yarışlarda beş idman növü üzrə Bakının 12 rayonundan səkkiz minədək məktəbli iştirak edib. Qaydalara uyğun olaraq hər rayondan müvafiq idman növü üzrə qalib gələn komanda finala vəsiqə qazanıb.

Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı, Beynəlxalq Olimpiya Komitəsinin tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə təşkil edilən “Olimpiya Hərəkatı - 2017” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyi voleybol, basketbol, badminton, atletika və velosiped idman növü üzrə keçirilir. Yarışlar Bakı şəhəri ilə yanaşı, Gəncə, Sumqayıt şəhərlərində və Göygöl rayonunda təşkil olunur.

Birinciliyin məktəbdaxili mərhələsinə Bakı şəhəri üzrə 294, Gəncə şəhəri üzrə 46, Sumqayıt şəhəri üzrə 42, Göygöl rayonu üzrə 24 ümumi təhsil müəssisəsindən 90 minədək məktəbli qatılıb.

“Olimpiya Hərəkatı - 2017” layihəsinin məqsədi məktəblilər arasında fiziki tərbiyə fənninə marağı daha da artırmaq, məktəblərdə sağlam və fəal həyat tərzini təşviq etmək, olimpiya idman irsini davam etdirməkdir.

Xəbər 638 dəfə oxundu.