Ən güclü kikboksçular Naxçıvanda qüvvələrini sınayacaqlar
Mayın 1-də Şərur Rayon Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə peşəkarlararası IX ənənəvi turnir keçiriləcək.

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirliklərinin, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birgə təşkilatçılığı ilə keçiriləcək yarışda iki versiya üzrə K-1 və low-kik versiyaları üzrə 14 idmançı öz gücünü sınayacaq.

AKF-nin prezidenti Adil Əliyev bildirib ki, yığma komandanın ən güclüləri həm kəmər uğrunda, həm də kubok uğrunda döyüşəcəklər. Hesab edirəm ki, dəfələrlə dünya və Avropa çempionu adını qazanmış kikboksçularımızın yarışı olduqca maraqlı keçəcək”.

Adil Əliyev qeyd edib ki, dahi şəxsiyyəti məhz Naxçıvanda anmaq heç də təsadüfü deyil. Əlbəttə ki, Ulu Öndərin ata-baba yurdunda onun xatirəsini anmaq hər kəs kimi yerli əhalinin də ürəyincə olan hal kimi qiymətləndirilir. Məhz bu amili nəzərə alaraq hər zaman idmana, idmançılara diqqət və qayğı ilə yanaşan, müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin xatirəsinə həsr edilən yarışlarımızı artıq bir ənənəyə çevirmişik. Respublika səviyyəsində keçirilən tədbirlərin sırasına mütəmadi olaraq kikboksinq yarışlarını da əlavə etmək federasiyamızın qarşısında duran əsas vəzifələrdəndir”.

Adil Əliyev vurğulayıb ki, Ulu Öndərin həyata keçirdiyi strategiya bu gün Milli Olimpiya Komitəsinin prezidenti, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz dünyada bu gün idman ölkəsi kimi tanınır, ən mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Bütün bunlar ölkə rəhbərinin diqqət və qayğısının bəhrəsidir. İnanıram ki, uğurlarımız, nailiyyətlərimiz bundan da çox olacaq, Azərbaycan idmançıları üçrəngli bayrağımızı möhtəşəm idman arenalarında dalğalandıracaqlar.

Xəbər 502 dəfə oxundu.