Gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir
Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksində yaşı 20 və 23-dək olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən yüzdən çox atlet iştirak edir.

Kişilərin mübarizəsində ilk günün sonuncu qalibi 62 kiloqram çəki dərəcəsində müəyyənləşib.

Qızıl medala toplam 271 kiloqram (123+148) nəticə ilə Məhəmməd Məmmədli sahib çıxıb. Gümüş medala 251 kiloqram (121+130) nəticə ilə Kənan Xəlilov, bürüncə isə 227 kiloqram (100+127) nəticə ilə Elməddin Hüseynov layiq görülüblər.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 1354 dəfə oxundu.