Bu gün Topaz Premyer Liqasına yekun vurulacaq
Aprelin 29-da futbol üzrə Azərbaycan çempionatının 2016-2017-ci il mövsümünə yekun vurulacaq.

Topaz Premyer Liqasının mükafatçıları artıq bəlli olduğundan sonuncu turda bütün diqqətlər əsasən dördüncü yer uğrunda mübarizə aparan “Zirə” və “Kəpəz” komandalarına yönələcək. Paytaxt təmsilçisi “Zirə” səfərdə “AZAL”ın qonağı olacaq. Ayxan Abbasovun yetirmələri autsayderlə görüşdə ən azı 1 xal əldə edib UEFA Avropa Liqasının seçmə mərhələsinə vəsiqə qazanmağa çalışacaqlar.

“Kəpəz” in işi isə daha çətindir. “Zirə”dən 3 xal geri qalan gəncəlilər çempionatın bürünc mükafatçısı olan “İnter”i qəbul edəcəklər. Əgər bu oyunda əyalət təmsilçisi “bankir”ləri böyük hesabla məğlub edərsə və “Zirə” komandası “Azal” ilə oyunda xal qazana bilməsə, onda gəncəlilər ölkəmizi Avropada təmsil etmək imkanına sahib olacaqlar.

Turun digər oyunlarında “Sumqayıt” komandası “Qəbələ”ni, “Neftçi” isə “Qarabağ”ı qəbul edəcək.

Xatırladaq ki, Ağdamın “Qarabağ” komandası artıq çempionluğunu elan edib. “Qarabağ” ardıcıl dördüncü, ümumilikdə isə beşinci dəfə ölkə çempionu tituluna sahib olub.

“Qəbələ” komandası gümüş, “İnter” isə bürünc medallara layiq görülüb.

Xəbər 596 dəfə oxundu.