Respublika şahmat festivalının final yarışlarına başlanılıb
“Şahmat” fənni tədris olunan pilot ümumi təhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş şahmat festivalının ikinci mərhələsinə başlanılıb.

Bakı şəhəri 12 nömrəli tam orta məktəbdə keçirilən final yarışının açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək gənc şahmatçılara uğurlar arzulayıb. Nazir müavini ölkəmizdə şahmat idman növünün inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan şahmatçılarının nailiyyətlərindən, şahmatın uşaqlar üçün əhəmiyyətindən danışıb.

Şəxsi-komanda xarakteri daşıyan yarışlar İsveçrə sistemi üzrə keçirilir, komandaların tərkibi 7-10 yaşlı üç oğlan və üç qız olmaqla altı nəfərdən ibarətdir.

Festivalın birinci mərhələsi respublika üzrə “Şahmat” fənni tədris olunan 500-dək pilot məktəbdən 3 mindən çox şagirdin iştirakı ilə keçirilib, rayon (şəhər) üzrə qalib komandalar finalda iştirak hüququ qazanıb.
400-dək şagirdin qatıldığı final yarışlarına mayın 1-də yekun vurulacaq.

Qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər 611 dəfə oxundu.