Avropa çempionatında iştirak edəcək yunan-Roma güləşçilərimiz müəyyənləşib
Mayın 2-dən 7-dək Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.

Çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımız mübarizə aparacaq.

Turnirin sonuncu iki günündə yunan-Roma güləşçiləri yarışacaqlar.

Yunan-Roma güləşi üzrə yığma komandamız Olimpiya Güləş Mərkəzində hazırlığı davam etdirir. Təlim-məşq toplanışında İraq və Gürcüstandan olan güləşçilər də iştirak edirlər.

Aprelin 28-də keçirilən məşqdən sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Avropa çempionatına yollanacaq heyəti elan edib və çempionatda ölkəmizi təmsil edəcək komandaya uğurlar arzulayıb.

Yığma komandanın böyük məşqçisi Akif Əliyev və məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), Həsən Əliyev (71 kq), Ruhin Mikayılov (75 kq), Emin Əhmədov (80 kq), Arif Niftullayev (85 kq), Araz Həsənov (98 kq) və Oyan Nəzəriani (130 kq) çempionatda ölkəmizi təmsil edəcəklər.

Proqrama əsasən, mayın 6-da 59, 66, 98, 130, sonuncu yarış günündə isə 71, 75, 80 və 85 kiloqram çəkidə idmançılar arasında qaliblər müəyyənləşəcək.

Xəbər 799 dəfə oxundu.