“Olimpiya hərəkatı” proqramının atlet və müəllimləri “Bakı Marafonu-2017”yə qoşulacaqlar
“Olimpiya hərəkatı” proqramının atletlərdən və müəllimlərdən ibarət 12 nəfərlik heyəti Heydər Əliyev Fondunun təşəbbüsü, Dənizkənarı Bulvar İdarəsinin və Bakı Olimpiya Stadionunun dəstəyi ilə aprelin 30-da keçiriləcək “Bakı Marafonu-2017”də iştirak edəcək.

İdmanın inkişafına dəstək olmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə keçiriləcək marafon Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionunadək 21 kilometr məsafəni əhatə edəcək.

“Olimpiya hərəkatı” proqramı Azərbaycan Milli Olimpiya Komitəsi, Təhsil, Gənclər və İdman nazirlikləri, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin proqramına 5 idman növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və veloidman üzrə yarışlar daxildir.

Proqramın Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşməsini təmin edir.

Xəbər 678 dəfə oxundu.