Avropa çempionatında Azərbaycanı yeddi qadın güləşçi təmsil edəcək
Mayın 2-7-də Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək. Çempionatında sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparacaq. Turnirin ilk günündə sərbəst və qadın güləşçilər yarışacaqlar.

Qadın güləşi üzrə yığma komandamız hazırlıqları Ukraynanın paytaxtı Kiyevdəki Konça Zaspa təlim-məşq bazasında bu ölkənin güləşçiləri ilə birgə davam etdirir.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Aslan Ağayevin rəhbərliyi altında Avropa çempionatına 7 güləşçi qatılacaq. Yarışda ölkəmizi Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcəklər.

Proqrama əsasən, ilk yarış günündə 57 və 86 kiloqramda sərbəst, 48 və 63 kiloqram çəkidə qadın güləşçilər yarışacaqlar. Mayın 3-də 65 və 97 kiloqramda sərbəst, 53 və 60 kiloqram çəki dərəcəsində qadın güləşçilər, mayın 4-də 61 və 74 kiloqramda sərbəst, 55 və 75 kiloqramda qadın güləşçilər mübarizə aparacaqlar. 70 və 125 kiloqramda sərbəst, 58 və 69 kiloqramda qadın güləşçilər isə mayın 5-də qüvvələrini sınayacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı hakim Hicran Şərifov təmsil edəcək.

Xəbər 1222 dəfə oxundu.