Qadın hokkeyçilərimiz Belçika millisini məğlub etdilər
Bu il aprelin 25-dən mayın 6-dək Yaponiyanın Kakamagara şəhərində keçiriləcək London Yay Olimpiya Oyunlarının sonuncu - 3-cü seçmə turnirində yarışacaq Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət yığma komandası martın 5-dən Niderlandda 10 günlük təlim-məşq toplanışında iştirak edir. İdman.com.az saytı xəbər verir ki, yerli klublarla 4 yoxlama oyunu keçirdikdən sonra (2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət) komandamız Belçikanın Kontiç şəhərində həmin ölkənin yığması ilə bir sınaq matçında qüvvəsini sınayıb.

Görüşün birinci hissəsində millimiz hesabı açsa da, fasiləyə yaxın rəqib cavab qolu vurmağı bacarıb. Lakin ikinci hissədə baş məşqçi Adil Paşayevin komandası əzmkar oyun nümayiş etdirərək qələbə qazanıblar - 2:1. Nəzərinizə çatdırırıq ki, ötən il Almaniyada təşkil olunan Avropa çempionatında koreyalı məşqçilərin rəhbərliyi altında yığmamız belçikalılara 1:3 hesabı ilə uduzmuşdu.

Sabah milli komandamız Kontiç şəhərində İrlandiya təmsilçiləri ilə daha bir yoxlama oyunu keçirdikdən bir gün sonra Bakıya qayıdacaq. Martın 17-dən isə həmin şəhərdə London olimpiadasının seçmə turnirində Belçika, İspaniya, Meksika, Fransa, İrlandiya və Rusiya hokkeyçiləri yeganə vəsiqə uğrunda mübarizəyə qoşulacaqlar.

Xəbər 1111 dəfə oxundu.