IV İslam Həmrəyliyi Oyunlarında gimnastların yarış ardıcıllığı müəyyən olunub
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində gimnastikanın üç növü - bədii gimnastika, qadın və kişi idman gimnastikası üzrə yarışlarda iştirak edəcək komanda və idmançıların hansı ardıcıllıqla çıxış edəcəyi bəlli olub. Aprelin 27-də Azərbaycan Gimnastika Federasiyasında keçirilən tədbirdə Federasiyanın baş katibi Fərid Qayıbov bildirib ki, bu mötəbər yarışda gimnastika üzrə 14 ölkədən idmançıların çıxışı gözlənilir.

Mayın 12-də Oyunların möhtəşəm açılış mərasimi günü Milli Gimnastika Arenasında start veriləcək gimnastika yarışları dörd gün davam edəcək. Proqrama əsasən, mayın 12-13-də bədii gimnastika üzrə təsnifat mərhələləri, mayın 14-də isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. İdman gimnastikası üzrə təsnifat yarışları mayın 13-14-də, ayrı-ayrı alətlər üzrə finallar isə mayın 15-də təşkil olunacaq.

Mərasimdə bədii gimnastika üzrə top, gürz, lent, halqa, qadın idman gimnastikası üzrə sərbəst hərəkətlər, dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri üzrə yarış ardıcıllığı müəyyən olunub. Həmçinin kişi idman gimnastikası üzrə paralel qollar, sərbəst hərəkətlər, turnik, dayaqlı tullanma, dəstəli at, halqalar aləti üzrə yarış ardıcıllığı müəyyənləşdirilib. Final yarışları isə elektron qaydada müəyyən olunub.

Qeyd edək ki, Azərbaycanı “Bakı-2017”də bədii gimnastlar Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova, qadın idman gimnastları Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova, Yekaterina Tişkova, kişi idman gimnastları Murad Ağarzayev, Timur Bayramov və Bense Talas təmsil edəcəklər.

Xəbər 576 dəfə oxundu.