IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan yarışların qalibləri mükafatlandırılıblar
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.

Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini şagirdlər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Şəmkir Olimpiya İdman Kompleksində basketbol, Biləsuvar Olimpiya İdman Kompleksində boks, Xaçmaz Olimpiya İdman Kompleksində stolüstü tennis, Hövsan Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma güləşi idman növləri üzrə zona yarışları keçirilib.

Altı yüz nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda basketbol idman növü üzrə I yerə Gəncə, II yerə Göygöl, III yerə Mingəçevir, boks idman növü üzrə I yerə Biləsuvar, II yerə Lənkəran, III yerə Cəlilabad, stolüstü tennis idman növü üzrə I yerə Sumqayıt, II yerə Şabran, III yerə Xaçmaz, sərbəst güləş idman növü üzrə I yerə Bakının Qaradağ, II yerə Xəzər, III yerə Sabunçu, Yunan-Roma güləşi idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Xəzər rayon və şəhərlərinin komandaları layiq görülüblər.

Qaliblər diplom və medallarla təltif ediliblər.

Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə təşkil olunur.

Xəbər 545 dəfə oxundu.