İslam Həmrəyliyi Oyunlarına həsr olunan idman yarışlarının qalibləri mükafatlandırılıblar
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.

Masallı Olimpiya İdman Kompleksində yunan-Roma güləşi, Xocavənd İdman Mərkəzində karate, İsmayıllı Olimpiya İdman Kompleksində basketbol, Şağan Olimpiya İdman Kompleksində cüdo, Balakən Olimpiya İdman Kompleksində stolüstü tennis idman növləri üzrə zona yarışları keçirilib.

Beş yüz nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda Yunan-Roma güləşi idman növü üzrə I yerə Lənkəran, II yerə Masallı, III yerə Cəlilabad, karate idman növü üzrə I yerə Xocavənd, II yerə Beyləqan, III yerə Zərdab, basketbol idman növü üzrə I yerə İsmayıllı, II yerə Oğuz, III yerə Ağsu, stolüstü tennis idman növü üzrə I yerə Balakən, II yerə Qax, III yerə Oğuz, cüdo idman növü üzrə I yerə Bakının Nizami, II yerə Nərimanov, III yerə Yasamal rayon və şəhərlərin komandaları layiq görülüblər.

Qaliblər diplom və medallarla təltif ediliblər.
Kütləvi idman tədbirlərinin keçirilməsinin məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin şagirdlər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsidir.

Yarışlar aprelin 26-da başa çatacaq.

Xəbər 730 dəfə oxundu.