"El Kassiko: "Barselona"nın qələbəsi, Messinin 500-cü qolu
Aprelin 23-də La Liqanın 33-cü turu çərçivəsində “Santyaqo Bernabeu” stadionunda keçirilən "El Klassiko"da "Barselona" komandası "Real Madrid"i 3:2 hesabı ilə məğlub edib.

Oyunda hesabı matçın 23-cü dəqiqəsində madridlilərin heyətində Kasemiro açıb. Lakin bu qoldan beş dəqiqə sonra "Real Madrid"in cərimə meydançasına daxil olan Lionel Messi dəqiq zərbə ilə tarazlığı bərpa edib – 1:1.

İlk hissə bu hesabla başa çatıb.

Fasilədən sonra hücumların sayını artıran komandalar xeyli sayda təhlükəli vəziyyətlər yaratsalar da, qapıçılar inamlı oyunla yadda qalıblar. Buna baxmayaraq, matçın 73-cü dəqiqəsində hesab dəyişib. "Barselona"nın xorvatiyalı legioneri İvan Rakitiç gözəl zərbə ilə komandasını hesabda irəli çıxarıb – 2:1.

Bu qoldan dörd dəqiqə sonra "Real Madrid"in kapitanı Serxio Ramos Lionel Messiya qarşı kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılıb. Lakin meydanda sayca azlıqda qalmalarına baxmayaraq, madridlilər hesabı bərabərləşdirmək üçün hücumların sayını artırıblar və 86-cı dəqiqədə istəklərinə çatıblar. Xames Rodrigez kral klubunun bərabərlik qolunu vurub – 2:2.

Ancaq bu, oyunda sonuncu qol olmayıb. Görüşün əsas vaxtına əlavə edilmiş 2 dəqiqəlik hissənin sonunda "Real Madrid"i əks-hücumda yaxalayan kataloniyalıların heyətində Robertonun rəqibin üç futbolçusunu keçərək başlatdığı sürətli hücumu Lionel Messi dəqiq zərbə ilə tamamlayıb – 3:2.

Bu qələbədən sonra "Barselona" bir oyun az keçirən "Real Madrid" ilə xalları bərabərləşdirib. Hər iki klubun aktivində 75 xal olsa da, komandalar arasında görüşlərin nəticələrinə görə "Barselona" liderliyi ələ keçirib.

Qeyd edək ki, bu oyunda dubl edən Lionel Messi La Liqa tarixində "El Klassiko"larda ən çox qol vuran futbolçu adına sahib olub. Belə ki, hazırda aktivində 16 qol olan Lionel Messi əfsanəvi Alfredo di Stefanonun (14 qol) rekordunu təzələyib. Eyni zamanda, oyunun son dəqiqəsində vurduğu qol argentinalı ulduz futbolçunun karyerasında 500-cü qolu olub.

Xəbər 596 dəfə oxundu.