Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

İlk oyun günündə 3 matç keçirilib. Hər 3 görüş eyni vaxtda start götürüb.

Çempionluğu vaxtından əvvəl təmin edən “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Kimyaçılar" məğlub olsalar da, Avrokubok şansları son matça qalıb.

Elə “Zirə” – “Neftçi” oyunu da Avrokuboklara vəsiqə verən sonuncu – dördüncü yer baxımından çox vacib görüş olub. Oyun 2:2 hesablı bərabərliklə yekunlaşıb. Üstəlik matçın gedişində oyunçu dəyişikliyi zamanı limit xətasına yol verən "Neftçi"ni texniki məğlubiyyət gözləyir. Bu nəticə ilə şanslarını itirən paytaxt təmsilçisi çempionatın son turunu formallığa çevirib.

AZAL-ın qonağı olan “Kəpəz” son turlardakı uğurlu nəticələrinə birini də əlavə edib. Gəncəlilər 2:1 hesablı qələbəyə sevinərək Avrokubok iddiasını davam etdirib.

Xəbər 583 dəfə oxundu.