İslamiada ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi xüsusi mədəni proqram hazırlayıb
Mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi mədəni proqram hazırlanıb. Proqram daha çox İslam mədəniyyətinin və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin təqdim edilməsindən ibarətdir.

Heydər Əliyev Sarayında mayın 13-ü və 14-də Türkiyənin tanınmış rəqs ansamblı “Anadolu atəşi”nin, 20-də Dövlət Rəqs Ansamblı, 21-də isə Xalq Artisti Alim Qasımov, Əməkdar Artist Fərqanə Qasımova və onların davamçılarının iştirakı ilə muğam konserti keçiriləcək. Həmçinin Beynəlxalq Muğam Mərkəzində mayın 15-də Azərbaycan incəsənət ustalarının iştirakı ilə “Muğam axşamı”, 17-də Əməkdar Artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq Ritm Qrupu”nun konserti, 20-də isə caz ifaçısı Elçin Şirinovun rəhbərliyi ilə “Etno-caz” konserti olacaq.

Konsertlərlə yanaşı, Oyunlar ilə əlaqədar teatrlar da xüsusi repertuar hazırlayıb. Mayın 14-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası, Pantomima Teatrında Səbinə Hacıyevanın “Dejavü” tamaşası nümayiş olunacaq. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” tamaşası isə mayın 19-da Marionet Teatrında, 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında təqdim ediləcək. Bütün teatrlarda sinxron tərcümə təşkil edilir. Teatrlarda gedən tamaşaların mətnini həm rus, həm ingilis dilində izləmək mümkündür.

Bundan əlavə sərgilər də təşkil ediləcək. Belə ki, mayın 14-də Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində “İslam dünyasının musiqi mədəniyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyalarında”, 15-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyalarında İslam irsi”, 18-də Azərbaycan Xalça Muzeyində “İlahi sənət: naxışlar, ilmələr”, 19-da Muzey Mərkəzində “Azərbaycan İslam abidələri”, 21-də isə Azərbaycan İstiqlal Muzeyində Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarət “İslam: sülh və birlik” adlı sərgilər açılacaq.

Oyunlar müddətində həyata keçiləcək mədəni proqrama film nümayişləri də daxildir. Mayın 12-dən 22-dək Nizami Kino Mərkəzində “Niyyət”, “Buta”, “Nabat” bədii filmlərinin, həmçinin “Bakı İslam mədəniyyətinin paytaxtı”, “Bakı əsrlərin aynasında”, “Bakı Birinci Avropa Oyunları”, “Azərbaycan xalçası”, “Çovqan”, “Lahıc”, “Qobustan-bəşəriyyətin beşiyi”, “Hapıtlar”, “Eviniz nurla dolsun”, “Azərbaycan mətbəxi. Dad sonrası dad” sənədli filmlərinin nümayişi baş tutacaq.

Xəbər 556 dəfə oxundu.