Səkkiz yaşlı göyçaylı gimnast respublika səviyyəli turnirdə qızıl medal qazanıb
Göyçay rayonunda idmanın bədii gimnastika növünün inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə Göyçay Olimpiya İdman Kompleksində yaradılan bədii gimnastika bölməsinə müraciət edənlərin sayı da xeyli artıb.

Rayonda bədii gimnastikanın təbliği üçün geniş işlər görülür. Bununla bağlı uşaq bağçalarında və orta məktəblərdə azyaşlı uşaqlar və onların valideynləri ilə görüşlər keçirilir. Kompleksin 3-12 yaşlı qızlardan ibarət yığma komandası yaradılıb. Pulsuz keçirilən məşqlərə hazırda 35 uşaq cəlb edilib. Üç il əvvəl kompleksdə gimnastika bölməsi açılarkən isə məşqlərə cəmi 10 uşaq qatılırdı. Gələcəkdə gimnastika ilə məşğul olan uşaqların sayının daha da artması nəzərdə tutulur. Uşaqlarla işi Azərbaycan Gimnastika Federasiyası tərəfindən təyin edilən gimnast müəllim Sultanə İbrahimzadə aparır.

Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə açılan bölmədə uşaqların məşq etməsi üçün yüksək səviyyədə şərait yaradılıb. Sultanə müəllimənin zəhməti hədər getməyib və gimnastika bölməsinin yetirmələri arasında artıq respublika yarışlarında uğur qazananlar da var. Belə ki, Göyçayın Çayarxı kənd sakini, şəhər 3 nömrəli orta məktəbin II sinif şagirdi Azərin Hacızadə bu günlərdə İsmayıllı rayonunda bədii gimnastika üzrə respublika səviyyəli turnirin qalibi olub. İsmayıllı rayon açıq birinciliyində 10 şəhər və rayondan 50-dən çox idmançı iştirak edib. Yarışa qatılan 6-15 yaşlı gimnastlar bacarıqlarını nümayiş etdiriblər. Birincilikdə Göyçay gimnastika bölməsinin 4 yetirməsi iştirak edib və onlardan yalnız biri, bu balaca qız mükafat qazanıb. Dörd ildir ki, gimnastika ilə məşğul olan 8 yaşlı Azərin 2001-2012-ci il təvəllüdlü gimnastların yarışında alətsiz, halqa, top, ip, gürz və çoxnövçülük üzrə bacarığını nümayiş etdirərək rəqiblərindən üstün olub və qızıl medal qazanıb.

Azərin Hacızadənin qızıl medalla Göyçaya qayıtması onun oxuduğu orta məktəbdə, Olimpiya İdman Kompleksində və ailəsində böyük sevincə səbəb olub.

Qeyd edək ki, Azərin Hacızadə son bir ildə Kürdəmir, Sumqayıt və İsmayıllıda keçirilən respublika səviyyəli gimnastika yarışlarında da uğurla iştirak edərək, 2 qızıl və 1 bürünc medal qazanıb.

Xəbər 713 dəfə oxundu.