Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub
Aprelin 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.

Premyer Liqanın lideri Ağdamın “Qarabağ” komandası sona iki tur qalmış 2016-2017-ci il mövsümündə çempionluğunu elan edib.

“Qarabağ” çempionluğu rəsmiləşdirmək üçün lazım olan 3 xalı səfərdə paytaxt təmsilçisi “İnter” komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq əldə edib.

Paytaxtdakı “İnter Arena”da keçirilən oyunun birinci hissəsinin 4-cü dəqiqəsində “Qarabağ”ın heyətində Mahir Mədətov “İnter”in qapısından ilk topu keçirərək hesabı açıb - 1:0. İlk hissədə “Qarabağ futbolçuları daha bir neçə dəfə qol vurmaq imkanı əldə etsələr də, uğur qazana bilməyiblər.

İkinci hissəyə sürətli hücumlarla başlayan Ağdam klubu matçın 54-cü dəqiqəsində ikinci qolu meydan sahiblərinin qapısından keçiriblər. Oyunda Cənubi afrikalı hücumçu Dino Ndlovu fərqlənib - 2:0. Dino Ndlovu görüşün 78-ci dəqiqəsində dubl etməklə hesabı 3:0-a çatdırıb. Bununla da lider ən yaxın izləyicisi “Qəbələ”ni 7 xal geridə qoyub.

Beləliklə, oyunda üç xala sahib olan Qurban Qurbanovun yetirmələri bu qələbə sayəsində sona iki tur qalmış ardıcıl dördüncü dəfə Azərbaycan Premyer Liqasının çempionu adını qazanıblar.

Xatırladaq ki, günün ilk görüşündə “Qəbələ” klubu çempionluq mübarizəsində “Kəpəz”ə Gəncədə 2:0 hesabı ilə məğlub olaraq səfərdə xal itirib. Bununla da “Qəbələ” çempionluq şanslarını faktiki itirib.

İyirmi altı oyundan sonra xalların sayını 56-ya çatdıran “Qarabağ” komandası turnir cədvəlində birinci sırada yer alıb. “Qəbələ” 49 xalla ikinci, “İnter” isə 43 xalla üçüncü pillədə qərarlaşıb. Digər yerləri isə müvafiq olaraq, “Zirə” (33), “Sumqayıt” (32), Kəpəz (30), “Neftçi”(29) komandaları tuturlar. Aktivində 10 xal olan “AZAL” isə sonuncu pillədədir.

Xəbər 551 dəfə oxundu.