“Bunu apreldəki döyüşlərdə hamı görəcək”
“Artıq Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində rəhbərliyim altında 2 qrup formalaşıb. Bunlardan biri peşəkar, digəri həvəskarlardan ibarətdir”. İdman.com.az saytının məlumatına görə, bunu apasport.az-a açıqlamasında tananmış boksçu Əli İsmayılov deyib. Karyerasını başa vuran “Bürünc Əli” bildirib ki, tezliklə yetirmələri öz sözlərini deməyə başlayacaqlar:

“Məşqçilik karyerasına başlamışam. Fikrimcə, hər şey uğurla gedir. Əsas diqqəti peşəkar qrupa yönəltmişəm. Çünki yığmamızın sabiq üzvləri özləri mənə müraciət edərək, peşəkar boksda qüvvələrini sınamaq istədiklərini bildirdilər. Mən də öz növbəmdə onlara lazımı köməkliyi edirəm”.

İsmayılovun söznə görə, Rusiyanın aparıcı promouterləri ilə yaxşı əlaqəsi olduğundan, tezliklə yetirmələri beynəlxalq arenalara çıxacaqlar: “Mən bir neçə aparıcı promouterlərlə söhbətləşmişəm. Onlar da deyiblər ki, güclü uşaqların varsa, problem yoxdur, yoxlayaq və rəqib tapaq döyüşsünlər. İndi inşallah, apreldə məşqçi kimi onları rinqə çıxaracağam”.
Yetirmələrinin təcrübəli olduğunu deyən Əli, ad açıqlamaqdan imtina edib: “Bunu apreldəki döyüşlərdə hamı görəcək”.

Xəbər 946 dəfə oxundu.