Dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet məsələlərindəndir
IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkili ölkəmizdə İslam həmrəylinin möhkəmləndirilməsi istiqamətində növbəti addımdır. Dünyada İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet məsələlərindən biridir. Müsəlman ölkələri ilə qarşılıqlı mehriban münasibətlər quran ölkəmiz təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir.

Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov aprelin 14-də ali təhsil ocağında “İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar” mövzusunda keçirilən respublika elmi konfransında deyib.

Prezident İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 2017-ci il 10 yanvar tarixli Sərəncamını xatırladan rektor diqqətə çatdırıb ki, bu sənəddə Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğu bildirilir. Qeyd edilib ki, Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Dövlətimizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar isə İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımların atılması üçün əlverişli şərait yaradır.

Rektor “İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar” mövzusunda təşkil edilən respublika elmi konfransının da müvafiq Sərəncama əsasən keçirildiyini nəzərə çatdırıb.

Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev, Bakı Dövlət Universitetinin prorektoru Aydın Kazımzadə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsini “Multikulturalizm ili”nin məntiqi davamı olduğunu söyləyiblər. Qeyd edilib ki, dövlətimizin başçısının müvafiq Sərancamı İslam həmrəyliyinin ölkələr arasında inkişafına və bu birliyin gücləndirilməsinə təkan verəcək.

Plenar iclasda “İslami dəyərlər və şəxsiyyətin formalaşması”, “İslam həmrəyliyi birlik və əməkdaşlıq hərəkatı kimi”, “XIX əsrdə Qazaxıstanda dini və dünyəvi təhsil” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans işini “İslam dövlətləri ilə Azərbaycanın elm və təhsil sahəsində əməkdaşlığı: reallıqlar, perspektivlər”, “İslamda elm və təhsilin intellektual potensialın formalaşmasına təsiri”, “İslam dünyası alimləri və elm”, “İslami dəyərlər və təhsil” bölmələrində davam etdirib. Bölmələr üzrə ümumilikdə 65 məruzə dinlənilib.

Tədbir çərçivəsində iştirakçılar İslam dəyərlərini əks etdirən kitab sərgisi ilə tanış olublar.

Xəbər 629 dəfə oxundu.