Kriştiano Ronaldo avrokuboklarda 100-cü qolunu vuraraq futbol tarixində ilkə imza atıb
Futbol üzrə Portuqaliya millisinin və “Real Madrid” klubunun hücumçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsi çərçivəsində ötən gün “Bavariya” komandasına vurduğu iki qolla futbol tarixində ilkə imza atıb.

K.Ronaldo avrokuboklarda 100 qol vuran ilk futbolçu olub. Ulduz futbolçu bu uğura 147 oyunda nail olub.

Portuqaliyalı futbolçu qitənin klub turnirlərində ilk dəfə 2005-ci il avqustun 9-da “Mançester Yunayted” komandasının “Debretsen”ə 3:0 hesabı ilə qalib gəldiyi matçda debüt edib. Həmin qolu vurduğu gündən 11 il 8 ay sonra 100-cü dəfə fərqlənib. O, 50-ci qolunu dörd il əvvəl “Qalatasaray”ın qapısından keçirib.

K.Ronaldonun bu göstərici üzrə ən yaxın izləyicisi Lionel Messidir. Messi avrokuboklarda keçirdiyi 118 matçda 97 qol vurub. İki il əvvəl futbolla vidalaşan Raul Qonzales isə 158 matçda 76 dəfə fərqlənib.

Xəbər 610 dəfə oxundu.