Nizami rayonunun ən güclü voleybol komandası müəyyənləşib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami təşkilatının təşəbbüsü ilə voleybol yarışı keçirilib.

22 məktəbin komandasının iştirak etdiyi yarış Olimpiya sistemi üzrə keçirilib. Turnirdə 129, 229 və 109 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq ilk üç yeri tutublar.

Mükafatlandırma mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, 229 saylı orta məktəbin direktoru, YAP Nizami rayon təşkilatının Şura üzvü Fəridə Bağırova və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm yer tutduğunu və müasir müstəqil dövlətimizin hərtərəfli inkişafının əsasını qoyduğunu vurğulayan natiqlər bildiriblər ki, Azərbaycanın müasir tarixi 30 ildən artıq bir dövrü məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Bu illər ərzində Ulu Öndər xalqı ilə birgə tarixin ağır sınaqlarını keçərək, müasir müstəqil Azərbaycan dövlətini yaradaraq onun parlaq gələcəyinin əsasını qoyub. Ulu öndər Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən natiqlər bildiriblər ki, dövlətimizin başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasət müsbət nəticələrini verir. Bu gün dövlət tərəfindən idmançılara hərtərəfli şərait yaradılır. Nəticədə idmançılarımız beynəlxalq yarışlarda parlaq qələbələr qazanır, ölkəmizi dünyada layiqincə tanıdırlar.

Sonda yarışın qalibləri medal və diplomlarla mükafatlandırılıblar.

Xəbər 870 dəfə oxundu.