Yığmamız Buenos-Ayresdə keçiriləcək Olimpiya Oyunlarına ilk lisenziya qazanıb
Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında yeddinci dünya birinciliyi başa çatıb.

100-ə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi birincilik gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb. Belə ki, Banqkokda yığmalar səviyyəsində ən yaxşı çıxış edən komandaların indidən olimpiya lisenziyası qazanmaq şansı yaranıb.

Hər ölkə maksimum 2 lisenziya əldə etmək üçün müəyyən xal ehtiyatına malik olmalı idi. Dünya birinciliyində hər bir atlet əldə etdiyi medalla yanaşı, öz ölkəsinin xal ehtiyatını müvafiq olaraq artırıb. Birinci yeri tutan atlet 28, ikincini tutan 25, üçüncünü tutan 23 xal, bundan sonrakı bütün yerlərə görə isə bir xal azalma prinsipi ilə mübarizə olub.

Tailanda dünya birinciliyində iştirak edən Azərbaycan yığmasına ən çox qazandıran 6 atletin (İsmayıl Məmmədov, Elməddin Hüseynov, Elvin Abdullayev, Füqan Əliyev, Mayıl Şükürlü, Tarmenxan Babayev) ümumi xalı isə 90 olub. Bu xallarla komandamız dünya birinciliyinin ümumi sıralamasında 9-cu yeri tutmaqla, Yeniyetmələrin Olimpiya Oyunlarına 1 lisenziya qazanıb.

İlk dəfə dünya birinciliyində topladığı xal hesabına Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazanan yığmamız buna qədər yalnız Avropa birinciliyindən bu şansa malik olub.




Xəbər 963 dəfə oxundu.