Xocavənd qəsəbəsində VKC karate növləri üzrə Azərbaycan kuboku keçirilib
Beyləqan rayonu ərazisində Xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsindəki idman kompleksində aprel şəhidlərinin xatirəsinə həsr olunmuş VKC karate növləri üzrə uşaqlar, yeniyetmələr və böyüklər arasında Azərbaycan kuboku keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyəti və VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın iştirakçıları əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət ediblər.

Yarışın açılışında çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Ordusunun ötən ilin aprel ayında erməni silahlı birləşmələrinin təxribatlarının qarşısını almasından və əks hücumla bir sıra strateji yüksəklikləri işğaldan azad etməsindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 24 rayondan 330 idmançı iştirak edib.

Qaliblər kubok, diplom və medallarla təltif ediliblər.

Xəbər 679 dəfə oxundu.