Azərbaycan güləşçiləri beynəlxalq turniri yeddi medalla başa vurublar
Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında keçirilən, Dan Kolovun və Nikola Petrovun xatirəsinə həsr olunan beynəlxalq turnir başa çatıb.

Sayca 55-ci dəfə təşkil olunan turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak ediblər.

Güləşçilərimiz yarışın ilk gününü 1 qızıl və 3 bürünc medalla başa vurublar.

Turnirin ikinci günündə 66, 75, 85, 130 kiloqram çəki dərəcələrində yunan-Roma, 61, 70, 86, 125 kiloqram çəki dərəcələrində sərbəst və 53, 58, 63, 75 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıblar. Azərbaycan idmançıları günü 1 qızıl və 2 bürünc medalla başa vurublar.

Yunan-Roma güləşçimiz Kamran Məmmədov (66 kq) yarımfinalda koreyalı rəqibini məğlub edərək finala yüksəlib. İdmançımız Türkiyə təmsilçisi ilə gərgin keçən həlledici görüşdə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Qadın güləşi yarışlarında mübarizə aparan Nataliya Sinişin (58 kq) üçüncü yer uğrunda qarşılaşmada Almaniyadan olan rəqibinə qalib gələrək turnirin bürünc medalına sahib olub.

Bürünc medal görüşünə çıxan sərbəst güləşçimiz Ruslan Dibirhacıyev (70 kq) moldovalı rəqibinə tam üstünlüklə qalib gəlib.

Beləliklə, güləşçilərimiz iki gün davam edən turniri 2 qızıl və 5 bürünc medalla başa vurublar. Qızıl medalları milli komandamızın aktivinə Kamran Məmmədov (66 kq) və Rəsul Çunayev (71 kq) yazdırıblar. Bir bürünc medal yunan-Roma güləşi üzrə yığma komandamızın (Taleh Məmmədov, 59 kq), üç bürünc medal sərbəst güləşçilərimizin (Mahir Əmiraslanov, 57 kq, Məhəmməd Müslümov, 65 kq, Ruslan Dibirhacıyev, 70 kq) biri isə qadın pəhləvanlarımızın (Nataliya Sinişin, 58 kq) payına düşüb.

Yunan-Roma güləşi üzrə 71 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev ardıcıl olaraq, Əlcəzair, Koreya Respublikası, yarımfinalda macarıstanlı sonuncu dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz qırğızıstanlı rəqibinə bir dəqiqə ərzində tam üstünlüklə qalib gəlib və qızıl medala sahib olub. Keçirdiyi bütün görüşləri tam üstünlüklə başa vuran R.Çunayev rəqiblərinə xal verməyib.

Taleh Məmmədov (59 kq) bürünc medal uğrunda görüşdə Qırğızıstandan olan rəqibini məğlub edib və fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Sərbəst güləşçilərimiz isə yarışın ilk gününü ikinci bürünc medalla başa vurublar. Bürünc medalları yığmamıza Mahir Əmiraslanov (57 kq) və Məhəmməd Müslümov (65 kq) qazandırıblar.

Qadın güləşi yarışlarında mübarizə aparan Elis Manolova (69 kq) turniri beşinci sırada tamamlayıb.

Xəbər 708 dəfə oxundu.