Cəmi bir məqam göz oxşadı Əsas mərhələ başlanır
Milli futbol komandamız, nəhayət, gözlədyimiz hesabat matçına çıxdı. Özü də AFFA-nın yaranmasının 25-ci ildönümündə. Əlbəttə, belə bir təmtəraqlı məqamda komandanın qələbəsini möcüzəli hədiyyə adlandırmaq olardı.

Bu baş verməsə də, futbolçuların adlı-sanlı, həm də sanballı heyətə malik və səhvləri bağışlamayan azman rəqib qarşısında ürkək görünməməsi, ilk baxışda, komandanın oyununa müsbət qiymət verməyə əsas verir. Hətta vurulan qola qədər irəli atıla bilməyən komandanın qəfil oyuna nəzarəti ələ almağa cəhd göstərməsi də təqdirəlayiq sayıla bilər. Lakin elə bu məqamda komandanın oyununun analizi başlana bilər. Komandamızın cürətlənməsi bir tərəfdən yaxşı idisə, digər yandan kobud səhvlərə də yol açdı. Hətta almanların elə bir səy göstərmədən də istəklərinə nail olacaqları aydın görünməyə başlandı. Əslində, vurulan qoldan sonra komandamız daha praqmatik oyun göstərməyə meyilli olaraq, oyunun ağırlığını mərkəz xəttə yaxınlaşdırmağa çalışmalı idi. Fəqət nə heyət, nə taktiki düzüm və belə görünür ki, nə də strateji hədəflər buna imkan verdi. Əslində, bu görüşdə əlindəki heyətin potensial imkanlarını bilən məşqçi korpusuna daha çox irad bildirmək olar. Çünki hesab bərabərləşdikdən sonra məşqçi heyəti bunun daha çox almanların yol verdiyi boşluğun, arxa plandakı səhlənkarlığın, daha çox da özündənrazılığın məhsulu olduğunu əyani hiss etməli idilər. Buna görə də hücumların təşkilində kəsərin artırılması deyil, daha çox orta templi oyuna meyilli olmaq üçün tapşırıqlar verilməli idi. Ümumiyyətlə, məşqçi korpusunun bu oyun üçün seçdiyi taktiki-strateji hədəflər də çox şübhəli idi. Ümid edək ki, onsuz da xal üçün elə də böyük ümid olmayan bu rəqiblə görüş, sadəcə, komandamızın potensialını görüb qiymətləndirmək üçün vasitə idi. Əsas mərhələ bundan sonra başlanır. Elə iyun ayında ilk ciddi imtahan qarşısında komanda bütün kartlarını açmağa hazır olmalıdır. Bunun üçün son dövrlər yeni adlarla zənginləşdirilən heyət üçün də optimal oyun formaları və onun çeşidli variantları üzərində də düşünmək lazımdır.

Xəbər 1339 dəfə oxundu.