Bədən Tərbiyəsi və İdman Akademiyasında IV İslam Həmrəyliyi Oyunlarına dair görüş keçirilib
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Grassroots” proqramı çərçivəsində icra olunan “Feel Closer” (“Yaxın hiss et”) layihəsi üzrə növbəti görüş aprelin 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilib.

Görüşdə Akademiyanın rektoru Fuad Hacıyev çıxış edərək son illər mötəbər beynəlxalq idman yarışlarının, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizdə idmanın inkişafının göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev iştirakçıları salamlayaraq IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti barədə gənclərin məlumatlandırılması baxımından belə görüşlərin önəmini qeyd edib. O bildirib ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları möhtəşəm idman hadisəsinə çevriləcək.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov Oyunlara hazırlıq işlərinin uğurla davam etdirildiyini vurğulayıb. E.Səfərov IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərarın 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının Ciddədə keçirilən Baş Assambleyasında qəbul olunduğunu qeyd edib.

Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin katibi Könül Nurullayeva “Bakı-2017” haqqında tələbələrə ətraflı məlumat verib. Oyunların bütün İslam dünyasını birləşdirən çoxnövlü idman yarışı olduğunu vurğulayan K.Nurullayeva “Bakı-2017” çərçivəsində həyata keçirilən “Grassroots” proqramının idmanın kütləviliyini artırmaq, Oyunların əhəmiyyətini və dəyərlərini nümayiş etdirmək üçün gözəl imkan olduğunu qeyd edib. O, bu görüşün gəncləri idmana cəlb etmək, eyni zamanda, tələbələri azarkeşi olduqları idmançılarla görüşdürmək və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə töhfə vermək məqsədi daşıdığını diqqətə çatdırıb.

Görüşdə IV İslam Həmrəyliyi Oyunlarına və “Bakı-2017”nin idmançı səfirlərinin nailiyyətlərinə həsr edilən videoçarxlar nümayiş olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər 589 dəfə oxundu.