“Azərişıq” ASC İslam Həmrəylik Oyunları ilə bağlı treninqlərə başlayıb
“Azərişıq” ASC IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi yerlərin, o cümlədən sosial təyinatlı obyektlərin fasiləsiz və yüksəkkeyfiyyətli elektrik enerjisi ilə təmini üçün zəruri tədbirlər həyata keçirir.

“Azərişıq” ASC idman yarışlarının keçiriləcəyi arenaları qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi üçün treninqlərə başlayıb. Bura təkcə idman arenalarını deyil, həmçinin ölkəmizə gələcək nümayəndə heyətlərinin, o cümlədən qonaqların məskunlaşacağı mehmanxanaları, parkları, ictimai iaşə, mədəniyyət, əyləncə və digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələri aiddir. “Azərişıq” ASC-nin Tədris Mərkəzinin yerləşdiyi “Gənclik” yarımstansiyasında məsul cavabdeh şəxslərin və növbətçi əməliyyat heyəti üçün keçirilən treninqdə əks-qəza məşqlərinin plan qrafiki barədə məlumat verilir.

Treninq iştirakçıları operativ heyətin şərti hərəkəti üzrə keçirilən əks-qəza məşqləri, yəni yanğın, qəza və digər mümkün fövqəladə hallar üçün təlimatlar da əldə edirlər. Oyunların keçiriləcəyi 16 idman obyektini 25 yarımstansiya və 12 transformator məntəqəsi elektrik enerjisi ilə təmin edəcək. ASC-nin 292 əməkdaşı 1 ay ərzində təlim keçəcək.

Qeyd edək ki, idman yarışlarının və məşqlərinin keçiriləcəyi yerlər və digər sosial obyektlərin elektrik təchizat sistemlərinin texniki vəziyyəti yoxlanılıb. Elektrik şəbəkələrində müvafiq təftiş və sınaq işləri aparılıb. Yoxlama sınaq zamanı bəzi idman obyektlərində müəyyən edilən qüsurlarla bağlı rəsmi şəkildə əlaqədar federasiyalara və həmin obyektlərə tələbnamələr təqdim edilib. Eyni zamanda, vəziyyətlə bağlı İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi məlumatlandırılıb. Artıq obyektlərdə qüsur və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görülür.

Xəbər 515 dəfə oxundu.