IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasını Azərbaycanda birləşdirəcək
Aprelin 7-də “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının V iclası keçirilib.

Tədbirdə gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyanın (İHİF) baş katibi Faysal Əbdüləziz Əl-Nassar, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə və digərləri iştirak ediblər.

İclasda çıxış edən İHİF-in baş katibi Faysal Əbdüləziz Əl-Nassar Oyunlar hazırlıq işlərinin yüksək səviyyədə aparılmasına görə Prezident İlham Əliyevə və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, bu tədbirin Oyunların açılışına hazırlıq üçün son işlərin müzakirə edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Oyunların açılış mərasiminə 36 gün qaldığını bildirib: “Sevindirici haldır ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 57 ölkənin idmançıları iştirak edəcəklər. Şübhə yoxdur ki, mayın 12-də başlayacaq IV İslam Həmrəyliyi Oyunları bütün İslam dünyasını Azərbaycanda birləşdirəcək. Əldə etdiyimiz inkişafdan çox məmnunuq. Biletlər plana uyğun şəkildə satılır. Biletlərin satışı gözləntilərimizə uyğun davam edir. Mən könüllülərin bu Oyunlara göstərdiyi maraq və diqqəti yüksək qiymətləndirirəm. Son ay ərzində könüllülər üçün təlim proqramı hazırlamışıq. Bu proqram 8000 könüllümüzü lazımi bilik və bacarıqlarla təmin edir”.

Nazir deyib ki, IV İslam Həmrəyliyi Oyunları zamanı yarışlar 16 idman arenasında keçiriləcək. Artıq 3000-dən çox idmançı yarışlarda iştirak üçün qeydiyyatdan keçib: “Hələ qarşıda görüləcək işlər var. Biz bu Oyunlara yüksək həvəslə və peşəkarlıqla hazırlaşırıq”.

Daha sonra IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı videoçarx təqdim edilib.

Xəbər 1731 dəfə oxundu.