“Tour d’Azerbaïdjan” veloturunda 19 ölkənin idmançıları mübarizə aparacaqlar
Mayın 3-dən 7-dək dünya velosiped idmanının nəbzi yenidən Azərbaycanda döyünəcək. Planetin müxtəlif qitələrini təmsil edən 19 ölkənin 23 komandası ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan ənənəvi, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan” veloturunda mübarizə aparacaq.

Beş gün ərzində iştirakçılar Bakı və Sumqayıt şəhərləri, həmçinin Qaradağ, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Göyçay və Ağsu rayonlarının ərazisindən keçərək ümumilikdə 836 kilometr məsafə qət edəcəklər.

Ötən illə müqayisədə bu il turun marşrutunda ən önəmli dəyişiklik dördüncü mərhələdə edilib. Belə ki, yarışın ən çətin dağ mərhələsinə Ağsu aşırımı da əlavə edilib ki, bu da mübarizəyə əlavə rəng qatacaq. “Tour d’Azerbaïdjan-2017”nin proqramına əsasən, mayın 3-də keçiriləcək birinci - Bakı-Sumqayıt mərhələsinin uzunluğu 150 kilometrdir. Velosipedçilər mayın 4-də 187 kilometrlik Bakı-İsmayıllı mərhələsində mübarizəni davam etdirəcəklər. Mayın 5-də üçüncü mərhələ keçiriləcək. Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə yarışacaq velosipedçilər 177 kilometr yol qət etməli olacaqlar. Veloturun iştirakçıları bir gün sonra dördüncü - 164 kilometrlik Qəbələ-İsmayıllı-Ağsu-Şamaxı-Pirqulu mərhələsində güclərini sınayacaqlar. Mayın 7-də sonuncu – 158 kilometrlik Bakı-Abşeron-Bakı mərhələsindən sonra ümumi xallar əsasında qaliblər müəyyənləşəcək.

Builki turda iştirakını təsdiqləmiş 23 komandadan 6-sı pro-kontinental, 17-si isə kontinental statusludur.

Pro-kontinental komandalara “Team Novo Nordisk” (ABŞ), “Gazprom-Rusvelo” (Rusiya), “Wilier-Triestina” (İtaliya), “Nippo-Vini Fantini” (İtaliya), “Israel Cycling Academy” (İsrail) və “Delko Marseille Provence KTM” (Fransa) daxildir.

Kontinental komandaları isə aşağıdakılardır: “Synergy Baku Cycling Project” (Azərbaycan), “Amplatz-BMC”, “Hrinkow Advarica” (hər ikisi - Avstriya), “CCB Velotooler”, “Team Illuminate” (hər ikisi - ABŞ), “Astana City” (Qazaxıstan), “Bridgestone Anchor Cycling Team” (Yaponiya), “Dukla Banska Bystrica” (Slovakiya), “Kolss Cycling Team” (Ukrayna), “Kuwait-Cartucho.es” (Küveyt), “Minsk Cycling Club” (Belarus), “Qinghai Tianyoude Cycling Team” (Çin), “Rietumu Banka-Riga” (Latviya), “Tabriz Shahrdary Team” (İran), “Team Sauerland NRW P/B Henley and Partners” (Almaniya), “Tourku Shekerspor” (Türkiyə) və “VIB Bikes” (Bəhreyn).

Son iki ildə “Tour d’Azerbaïdjan” veloturunda komanda hesabında Azərbaycanın “Synergy Baku Cycling Project” komandası qalib gəlib.

Xəbər 1166 dəfə oxundu.