Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş Gənclərin Sağlamlıq Festivalı təşkil edildi
Aprelin-6-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “İnkişaf naminə İdman” İctimai Birliyi və Xətai Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümumdünya Fiziki Aktivlik Gününə həsr edilmiş Gənclərin Sağlamlıq Festivalı təşkil edildi.

Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına mənfi təsir edir. Təşkil edilmiş mədəni-kütləvi aksiyanın məqsədi də əhali, xüsusilə də məktəblilər və gənclər arasında fiziki aktivliyi və sağlam həyat tərzini müxtəlif idman növləri və əyləncəli fiziki fəaliyyətlərlə təbliğ etmək olmuşdur.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, millət vəkili Fuad Muradov, Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva, Milli Olimpiya Komitəsinin üzvü, “İnkişaf naminə İdman” İctimai Birliyinin sədri Mehman Kərimov və digər rəsmi nümayəndələr və qonaqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan nazir müavini idman və sağlamlığın insanların, xüsusilə yetişməkdə olan gənc nəslin həyatındakı vacib rolundan, bu sahədə nazirliyin həyata keçirdiyi tədbirlər və layihələrdən danışdı. Sonra çıxış edən millət vəkili Fuad Muradov müavfiq sahədə həyata keçirilən gənclər və idman siyasəti, həmçinin bu istiqamətdə son illərdə Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü işlərdən söhbət açdı.
Rəsmi çıxışlardan sonra festival iştirakçılarını öz şux mahnıları ilə salamlayan Azərbaycan Respublikasının Əməkdar Artisti Ədalət Şükürov tədbirə xüsusi əhval-ruhiyyə bəxşiş etdi.

Tədbir boyu qonaqlar parkın müxtəlif yerlərində nümayiş etdirilən idman növlərinə və Xətai rayonu məktəblərinin qatıldığı şən estafet yarışlarına baxış keçirdilər. Festivalın sonunda yarışların 3-cü yerinə layiq görülən 204 saylı məktəb, 2-ci yerinə layiq görülən 138 saylı məktəb və 1-ci yeri tutmuş 245 saylı məktəbin komandaları müxtəlif hədiyyələr, dipliom və medallarla təltif edildilər. Bütün digər iştirakçılara həvəsləndirici diplomlar təqdim edildi.

Xəbər 997 dəfə oxundu.