“Sağlamlıq və xoşbəxtlik günü” münasibətilə keçirilən yarışlar başa çatıb
“Sağlamlıq və xoşbəxtlik günü” münasibətilə Türkmənistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında Bakı Mühəndislik Universitetində (BMU) keçirilən futbol, stolüstü tennis və yüngül atletika üzrə idman yarışının final mərhələsinə yekun vurulub.

Ali məktəbin rektoru professor Havar Məmmədov reallaşan turnirin əhəmiyyətindən danışıb, idmanın insan həyatındakı rolunun önəmini qeyd edib. Prezident İlham Əliyevin Azərbaycanda təhsillə yanaşı, gənclərin fiziki sağlamlığına, onların idmanla məşğul olmasına da diqqət və qayğı göstərdiyini söyləyən rektor ölkəmizin beynəlxalq turnirlərə ev sahibliyi etdiyini və dünyada idman dövləti kimi tanındığını xüsusi vurğulayıb. Qeyd edib ki, universitetin yeni yaradılmasına baxmayaraq, burada tələbələrin idmanla məşğul olmaları üçün hər cür şərait var.

Türkmənistan səfirliyinin konsulu Batır Rəcəbov bildirib ki, hər il aprelin 5-i ölkəsində “Sağlamlıq və xoşbəxtlik günü” kimi qeyd olunur. Bu münasibətlə artıq dörd ildir Azərbaycanda da səfirlik və universitetlər tərəfindən turnirlər təşkil edilir.

Sonra yarışın qaliblərinin mükafatlandırılması mərasimi olub. Qaliblər təşkilatçılar tərəfindən kubok və diplomlarla təltif ediliblər.

Xəbər 499 dəfə oxundu.