“Qəbələ” Azərbaycan kubokunun final mərhələsinə vəsiqə qazanıb
Aprelin 5-də futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib. İlk oyunda 3:1 hesabı ilə qələbə qazanan “Qəbələ” klubu “İnter”i qonaq edib.

Qəbələ şəhər stadionunda baş hakim Ömər Paşayevin idarə etdiyi matçın 12-ci dəqiqəsində Daniel Subotiç hesabı açıb. Hücumlarının sayını artıran “Qəbələ” görüşün 33-cü dəqiqəsində Baqali Dabonun qolu ilə hesab arasındakı fərqi daha da artırıb - 2:0. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Matçın ikinci yarısında “İnter”in qol vurmaq cəhdləri nəticəsiz qalıb. “Qəbələ” 2:0 hesabı ilə qələbə qazanaraq Azərbaycan kubokunun finalına vəsiqə qazanıb.

Yarımfinal mərhələsinin digər cavab oyununda isə Tofiq Bəhramov stadionunda “Qarabağ” komandası “Neftçi” ilə qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyununda “Qarabağ” “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.

Xəbər 600 dəfə oxundu.