Media nümayəndələri Formula-1 Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə tanış olublar
Aprelin 5-də Formula-1 Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə tanışlıq məqsədilə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən media nümayəndələri üçün press-tur təşkil olunub.

Media nümayəndələri əvvəlcə Formula-1 trekinin keçdiyi Niyazi küçəsinə gəliblər.

BŞH-nin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə bildirib ki, ötən il olduğu kimi, bu il də qəmbər daşları ilə örtülü bu yol asfaltlanacaq. Asfaltlanma işləri təxminən beş gün ərzində aparılacaq. Burada hərəkətin intensivliyi nəzərə alınaraq işlər əsasən həftə sonları, gecə və gündüz görüləcək. Bu işlər mayın sonunadək yekunlaşdırılacaq.

Daha sonra media nümayəndələri trekin ən çox çətinliyə malik Qoşa Qala qapıları hissəsi ilə tanış olublar. Tom Butçer bildirib ki, bu hissədə təhlükəsizlik tədbirləri daha da artırılacaq. Bu il bolidlərin əvvəlki yarışlardakına nisbətən daha böyük və sürətli olmasına baxmayaraq, pilotların təcrübəsi bu hissəni uğurla keçməyə imkan yaradacaq.

Media nümayəndələri Hökumət evinin qarşısında yerləşən Paddok ərazisi ilə də tanış olublar. Tom Butçer burada görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, burada yarışa nəzarət qülləsi, komandaların qarajları və pit binasının tikintisi aparılır. “Çalışırıq ki, inşaat işlərini iyunun 1-dək yekunlaşdıraq. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmiləri və Formula-1 komandaları gələnə qədər işlər tam yüksək səviyyədə görülməlidir. Burada inşaat işləri dörd yerli şirkət tərəfindən həyata keçirilir. Bu il trekin quruluşunda heç bir dəyişiklik olmayacaq. FIA-nın tövsiyəsinə əsasən, beş döngədə əlavə baryerlər quraşdırmağa çalışacağıq. Eyni zamanda, bəzi döngələrdə poladdan əlavə lövhələr yerləşdiriləcək. Bu işlər təhlükəsizlik məqsədilə icra olunacaq. Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin və eyni zamanda, tribunaların quraşdırılması işləri də aparılır. Bu işlər də yerli şirkət tərəfindən həyata keçirilir”.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib ki, bu il Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçılığı üçün cəlb edilən şirkətlərin 80 faizi yerli, qalanları isə xarici şirkətlərdir. Bu meyli qoruyub saxlamağa çalışırıq. Ümid edirik ki, gələcək illərdə bütün bu işləri yerli şirkətlər görəcək.

Formula-1 Azərbaycan Qran-prisi iyunun 23-25-də keçiriləcək.

Xəbər 598 dəfə oxundu.