Ağdaşda “Şahin” hərbi-idman oyununun qalibi məlum olub
Ağdaşda məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların fiziki hazırlıqlarının artırılması, gənclərin ordu sıralarına hazırlanması məqsədilə təşkil edilən “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi başa çatıb.

Rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə keçirdiyi yarışda 28 tam orta məktəbin VIII-X sinif şagirdlərindən ibarət komandalar iştirak edib.

Yarış gərgin idman mübarizəsi şəraitində keçib. Şagirdlər sıra hazırlığı, maneələri dəf etmə, avtomatın sökülüb-yığılması, 100 metr məsafəyə qaçış, turnikdə dartınma, mülki müdafiə hazırlığı, sanitarların yarışı, qumbara atma, estafet şəklində maneələri dəf etmə və digər mərhələlər üzrə qüvvələrini sınayıblar.

Yarışda rayonun Dəhnəxəlil kənd tam orta məktəbinin komandası I yeri tutaraq Ağdaşı “Şahin” hərbi-idman oyunu üzrə zona yarışında təmsil etmək hüququ qazanıb.

Qalib komandanın üzvlərinə diplomlar təqdim edilib.

Xəbər 571 dəfə oxundu.