Penitensiar Xidmətin tərbiyə müəssisəsində mini futbol matçı keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tərbiyə müəssisəsində yeniyetmə güləşçilərin iştirakı ilə görüş keçirilib.

Əvvəlcə tərbiyə müəssisəsinin akt zalında yeniyetmə güləşçilərlə keçirilən görüşdə müəssisənin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik–leytenantı Aydın Nəzərov hər iki tədbirin əhəmiyyətindən danışıb.

Gənclər və İdman Nazirliyinin məsul əməkdaşı Tofiq Eyvazov və BŞGİBİ-nin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək son illər Azərbaycanın mötəbər beynəlxalq yarışlara ev sahibliyi etməsini vurğulayıb, yeniyetmə və gənclərimizin müxtəlif turnirlərdə parlaq qələbələr qazandıqlarını bildirib.

Görüşdə iştirak edən güləşçilər karyeraları, əldə etdikləri uğurlar barədə məlumat veriblər.

Sonra “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) futbol məktəbinin gənclərdən ibarət komandası ilə cəza çəkən yeniyetmələr matç oynanılıb. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada “Təhsil” RİM-in təmsilçiləri 12:10 hesabı ilə qalib gəliblər.

Tədbirin bağlanış mərasimində Aydın Nəzərov, BŞGİBİ-nin sektor müdiri, paytaxtın futbol üzrə əlaqələndiricisi kuratoru Adil Ağayev, Penitensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin inspektoru, ədliyyə leytenantı Bəhruz Hafizli iştirakçıları təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

Sonda yarış iştirakçıları Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif edilib, tərbiyə müəssisəsinə toplar və qapı toru hədiyyə verilib.

Xəbər 516 dəfə oxundu.