Firdovsi Umudov: IV İslam Həmrəyliyi Oyunlarında etimadı doğrultmağa çalışacağıq
İranın Abadan şəhərində yunan-Roma güləşi üzrə dünya kubokunda və Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatında yüksək nəticələr qazanan idmançılarımızla aprelin 4-də Gənclər və İdman Nazirliyində görüş keçirilib.

Görüşdə nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Firdovsi Umudov, yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Akif Əliyev, gənclər komandasının böyük məşqçisi Şaban Donat, digər məşqçilər və milli komandalarımızın üzvləri iştirak ediblər.

Fərid Mansurov idmançılarımızın hər iki yarışda yüksək səviyyədə çıxış etdiklərini bildirərək deyib: “Güləşçilərimizi təbrik edirəm. İranda keçirilən dünya kubokunda gümüş medal qazanmaq yaxşı nəticədir. 23 yaşlı idmançılarımız isə Azərbaycan güləşinin gələcəyidirlər. Onlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında əsas komandanın özəyini təşkil edəcəklər. Güləş Azərbaycanda əsas idman növlərindən biridir. “Rio-2016”da əldə olunan 18 medaldan 9-u güləşçilərimizin payına düşüb. Qarşıda IV İslam Həmrəyliyi Oyunları var. Bütün idmançılarımıza uğurlar arzulayıram”.

Tədbirin təşkilinə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edən Elçin Cəfərov hər iki yarışda uğur qazanan güləşçilərə təbriklərini çatdırıb. O, İranda keçirilən dünya kubokunda hakimlərin ədalətsiz qərarlar qəbul etdiklərini vurğulayıb: “İranda çempion da ola bilərdik. Lakin hakimlərin yanlış qərarları gümüş medal qazanmağımızla nəticələndi”.

Firdovsi Umudov da bu cür tədbirlərin ənənə halını almasını təqdirəlayiq hal kimi qiymətləndirib. O, güləşçilərin “Bakı-2017”yə səylə hazırlaşdıqlarını deyib: “IV İslam Həmrəyliyi Oyunlarının başlaması üçün günləri sayırıq. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq”.

İlin ən önəmli yarışının dünya kuboku olduğunu söyləyən Akif Əliyev İrana yarışın qalibi olmaq üçün yollandıqlarını vurğulayıb: “Bildiyiniz kimi, 2015-ci ildə dünya kubokunun qalibi olmuşduq. İstəyirdik ki, həmin nəticəni təkrarlayaq. Lakin müəyyən səbəblərdən gümüş medalla kifayətlənməli olduq. Çalışacağıq ki, qarşıdakı yarışlarda, xüsusən İslamiadada daha uğurlu çıxış edək”.

Güləşçilərdən Rəsul Çunayev idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, qələbələrin davamını gətirmək üçün daha səylə çalışacaqlarını bildirib.

Daha sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

İranın Abadan şəhərində keçirilmiş dünya kubokunda yunan-Roma güləşi üzrə milli komandamız gümüş medal qazanıb.

Macarıstanın Sombateli şəhərində təşkil olunmuş 23 yaşadək güləşçilər arasındakı Avropa çempionatının sərbəst güləş yarışında Teymur Məmmədov (63 kq) və Hacımurad Ömərov (70 kq) qızıl medala yiyələnib. Əli Rəhimzadə (61 kq), İsmayıl Abdullayev (74 kq) və Kənan Əliyev (86 kq) isə bürünc medal qazanıb. Komanda hesabında sərbəst güləşçilər Rusiya, Gürcüstan və Türkiyədən sonra 4-cü sırada qərarlaşıblar.

Qadın güləşçilər çempionatı 1 gümüş və 1 bürünc medalla başa vuraraq, komanda hesabında 7-ci yeri tutublar. Leyla Qurbanova (53 kq) gümüş, Alyona Kolesnik (58 kq) bürünc medala sahib olub.

Son iki yarış günündə mübarizə aparan yunan-Roma güləşçiləri çempionatı 3 qızıl və 1 bürünc medalla tamamlayıblar. Qızıl medallara Murad Məmmədov (59 kq), İslambek Dadov (71 kq) və Orxan Nuriyev (98 kq) layiq görülüblər. Bürünc medala Eltun Vəzirzadə (80 kq) sahib olub. Bu nəticə ilə yığmamız 42 xalla komanda hesabında üçüncü pillədə qərarlaşıb. Gürcüstan komandası 47 xalla birinci, Rusiya idmançıları isə 45 xalla ikinci yeri tutublar.

Medal əyarına görə isə yunan-Roma güləşçiləri 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıblar.

Xəbər 571 dəfə oxundu.