PFL-in çempionatında yenə dava düşdü
Unibank Premyer Liqasının final mərhələsində keçirilən “Qəbələ” – “Neftçi” matçı yenə qalmaqalla yekunlaşıb. İdman.com.az saytının xəbərinə görə, “ağ-qaralar”ın 1:4 hesabı ilə uduzduğu oyunda bakılı fanatlar gərginlik yaradıblar. Komandalarının böyük hesablı məğlubiyyətindən sonra, onlarla polislər arasında qalmaqal düşüb. Azarkeşlərin Böyük Əmili kənd stadionundakı tribunalarında bir çox oturacaqları və stadionun qapısını sındırıblar. Buna baxmayaraq, qonaq azarkeşlər polislərin müşayiəti ilə Bakıya yola salıblar. Onların arasında saxlanılan olmasa da. bəzilərinin xəstəxanaya düşdüyü bildirilir.

“Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlu apasport.az saytına bildirib ki, hazırda 7-8 azarkeş Qəbələ şəhər xəstəxanasına yerləşdirilib: “Qalmaqal komandanın azarkeşləri arasında yox, polislərlərlə yaranıb. Onlar oyunun sonlarında bizim fanatları meydandan çıxarmağa başladılar. Sonradan 7-8 azarkeşimiz döyüldü. Onlar hazırda Qəbələ şəhər xəstəxanasındadırlar. Onlara yardım göstərilir. Hər iki klubun rəhbərliyi də yaralı fanatların yanındadırlar”.

Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçında qalmaqal ilk dəfə deyil. Çempionatın ilkin mərhələsinin XIII turunda baş hakim Ramil Diniyevin son dəqiqələrdə meydan sahiblərinin qapısına 11-metrlik cərimə zərbəsi təyin etməsi, yerli azarkeşləri özündən çıxarmışdı. Fərid Quliyevin vurduğu zərbənin dəqiq olmaması da, fanatları sakitləşdirməmişdi. Onların referilərə hücümunun qarşısını sonda asayiş keşikçiləri almışdılar.

Xəbər 1080 dəfə oxundu.