Səmti müəyyən etmə idman növü üzrə beynəlxalq yarışların qalibləri müəyyənləşib
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə Beynəlxalq Kubok yarışlarının qalibləri müəyyənləşib.

Üç gün davam edən (31 mart-2 aprel) beynəlxalq turnir Xaçmaz rayonunun Nabran və Şabran rayonunun Qalaaltı meşə zolaqlarında keçirilib. Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi yarışda yerli təmsilçilərlə yanaşı, Türkiyə, Ukrayna və Rusiyadan olan idmançılar da mübarizə aparıblar.

Nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 10 komanda, habelə yarışa fərdi şəkildə qatılan idmançılar 9 kateqoriya üzrə orta və uzun məsafədə yarışıblar.150-dən çox idmançının mübarizə apardığı Beynəlxalq Kubok yarışları tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilib.

Havanın yağışlı olmasına baxmayaraq, yarışa qatılmış idmançılar əsl əzmkarlıq nümayiş etdiriblər. Elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil edilən yarışda kateqoriyalar üzrə fərdi və komanda hesabında qaliblər müəyyənləşib. “Dağçılıq” İdman klubu komanda hesabında qalib gələrək yarışın kubokunu qazanıb. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq “Neftçi” İdman Klubunun I və II komandası layiq görülüb. Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri isə dördüncü yeri tutub.

Sonda qaliblərə və mükafatçılara medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Xəbər 735 dəfə oxundu.