Topaz Premyer Liqasının XXIV turu: “Qəbələ” komandası liderlik yarışında xal itirib
Aprelin 2-də “Qarabağ”-“Kəpəz” və “Qəbələ”-“Zirə” qarşılaşmaları ilə Topaz Premyer Liqasının XXIV turuna yekun vurulub.

Çempionatın lideri “Qarabağ” komandası 2:1 hesabı ilə qalib gəlib. “Qəbələ” komandası isə “Zirə”nin müqavimətini qıra bilməyib – 1:1.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda ağdamlılar matçın 26-cı dəqiqəsində hesabda geri düşüblər. Kərim Diniyev “Kəpəz”i hesabda irəli çıxarıb – 0:1. Lakin ilk hissənin sonunda – oyunun 41-ci dəqiqəsində “Qarabağ” hesabı bərabərləşdirib – 1:1. Dino Ndlovu adını tabloya yazdırıb.

İlk hissə bu hesabla başa çatıb.

Fasilədən dərhal sonra ağdamlılar oyunun taleyini həll edən qolu rəqibin qapısından keçiriblər. Markos Madera 47-ci dəqiqədə “Qarabağ”a qələbə qazandıran qolun müəllifi olub.

Qəbələ şəhər stadionunda keçirilən görüşdə isə meydan sahibləri matçın 8-ci dəqiqəsində Sergey Zenyovun qolu ilə hesabı açıblar – 1:0. Lakin “Qəbələ” komandası hesabı qoruyub saxlaya bilməyib. Matçın 61-ci dəqiqəsində Sezar Meza Kolli gözəl zərbə ilə hesabı bərabərləşdirib – 1:1. Oyun bu hesabla da başa çatıb və “Qəbələ” çempionluq uğrunda mübarizədə ciddi xal itkisi ilə üzləşib.

Beləliklə, XXIV turdan sonra “Qarabağ” komandası turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. Qurban Qurbanovun yetirmələrinin aktivində 52 xal var. “Qəbələ” 48 xalla ikinci, “İnter” isə 42 xalla üçüncü pillədə qərarlaşıb. “Zirə” 31 xalla dördüncü, “Sumqayıt” (28 xal) beşinci, “Neftçi” (26 xal) isə altıncı sıradadır. Yeddinci yerdəki “Kəpəz”in 24 xalı var. AZAL komandası isə 10 xalla sonuncu pillədədir.

Topaz Premyer Liqasının XXV turunun görüşləri aprelin 9-da və 10-da keçiriləcək.

Xəbər 590 dəfə oxundu.