UEFA Millətlər Liqasında divizionların tərkibi müəyyənləşib
UEFA-nın mətbuat xidməti futbol üzrə millətlər liqasının qruplarının ilkin tərkibini açıqlayıb. Bu turnir 2018-ci ilin sentyabrından başlayacaq.

Turnir çərçivəsində 55 milli komanda “A”, “B”, “C” və “D” olmaqla dörd qrupa bölünəcək. Bölgü 2018-ci il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin sonuna olan reytinq əsasında aparılacaq.

“A” divizionuna ən yüksək reytinqə malik 12 komanda salınacaq. Növbəti 12 komanda “B”, daha sonrakı 15 komanda “C”, son 16 komanda isə “D” divizionunda qərarlaşacaq.

Millətlər liqasının reqlamentinə əsasən, komandalar bir diviziondan digərinə yüksələ və düşə bilər. Turnirin yekun nəticələri Avropa seçmə mərhələlərinin püşkü üçün əsas götürüləcək.

Qeyd edək ki, UEFA milliləri üçün son reytinq cədvəli martın 26-da məlum olub. Məhz bu reytinq əsasında qrupların ilkin heyəti açıqlanıb.

Beləliklə “A” divizionu: Almaniya, Fransa, Portuqaliya, Belçika, İspaniya, İngiltərə, İsveçrə, Xorvatiya, Polşa, İslandiya, Bosniya və Herseqovina;

“B” divizionu: İrlandiya, Rusiya, Avstriya, İsveç, Slovakiya, Uels, Ukrayna, Hollandiya, Şimali İrlandiya, Çexiya, Türkiyə və Macarıstan;

“C” divizionu: Yunanıstan, Rumıniya, Sloveniya, İsrail, Serbiya, Danimarka, Bolqarıstan, Albaniya, Şotlandiya, Çernoqoriya, Norveç, Litva, Azərbaycan, Kipr və Ermənistan;

“D” divizionu: Estoniya, Finlandiya, Belarus, Gürcüstan, Farer adaları, Latviya, Makedoniya, Qazaxıstan, Moldova, Lüksemburq, Lixtenşteyn, Kosova, Malta, Andorra, San- Marino və Cəbəllütariq.

Turnirin qalibi 2019-cu ilin iyununda təşkil ediləcək və dörd komandanın iştirak edəcəyi final turnirində müəyyənləşəcək.

Ukrayna yığması ilə Rusiya, Azərbaycan millisi ilə isə Ermənistan komandası eyni diviziona düşmələrinə baxmayaraq, eyni qrupda yer ala bilməzlər.

Xəbər 580 dəfə oxundu.