“Qarabağ” komandası Azərbaycan kubokunun yarımfinalının ilk oyununda “Neftçi”yə qalib gəlib
Martın 30-da futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinin digər oyununda “Qarabağ” klubu “Neftçi”nin qonağı olub. Oyunda 2:0 hesabı ilə qalib gələn “Qarabağ” komandası cavab qarşılaşması üçün sərfəli nəticəni təmin edib.

“Baksell Arena”da baş hakim Əliyar Ağayevin idarə etdiyi matçın 13-cü dəqiqəsində Muarem Muarem “Qarabağ”ı hesabda irəli çıxarıb. Hücumlarının sayını artıran “Qarabağ” matçın 28-ci dəqiqəsində Dino Ndlovunun vurduğu qolla hesab arasındakı fərqi daha da artırıb – 2:0. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Görüşün ikinci hissəsində futbolçuların cəhdlərinə baxmayaraq, oyunda əlavə qol olmayıb və matç “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Qəbələ” 3:1 hesabı ilə “İnter”i məğlub edib.

Azərbaycan kuboku yarışının yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 5-də oynanılacaq.

Xəbər 595 dəfə oxundu.